logo

İstanbul yenidən Türkiyənin pandemiya mərkəzinə çevrilib

14:08 23-10-2020 | icon 2163
İstanbul yenidən Türkiyənin pandemiya mərkəzinə çevrilib

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədəki COVID-19 xəstələrinin 40 faizinin İstanbulda olduğunu bildirib. Bu rəqəm Ankaradakı xəstə sayından beş dəfə çoxdur. Türkiyədə fəaliyyət göstərən COVID-19-un aşkarlama və araşdırma qrupları tərəfindən xüsusilə İstanbulda son günlərdə yenidən xəstə sayındakı artımın böyük əksəriyyətinin ailə içində meydana gəldiyi müəyyən olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyə martın 11-dən etibarən COVID-19-la mübarizə aparır. İnsanların xəstəlik barədə daha məlumatlı olmaları və əhali arasında təşvişin azalması bir rahatlığa səbəb olub ki, bu da virusun yayılma tempini artırıb. Hazırda ölkədə xəstəliyin yoluxma dərəcəsinin 70 faizinin ailə içində baş verdiyi müəyyən olunub.

Havaların soyuması və tətillərin başa çatması da virusun yayılma səbəblərindəndir. Belə ki, Türkiyədə, xüsusilə Marmara bölgəsində son günlər havaların yağıntılı və qeyri sabit keçməsi insanların qapalı məkanlara üstünlük verməsinə səbəb olub. Bundan əlavə xarici ölkələrə səyahət edənlərin ölkəyə dönüşü zamanı karantin qaydalarına tam riayət etməmələri də xəstəliyin yayılma tempinə təsir edən məqamlardandır. Hazırda İstanbulda karantin qaydalarını pozan şəxslərin saxlanılması üçün iki izolyasiya mərkəzi fəaliyyət göstərir.

Mütəxəssislər bildirirlər ki, bəzən xəstəliyi simptomsuz keçirən bir nəfər yoluxdurduğu başqa bir insanın nəfəs aparatına bağlı qalmasına və ya ölümünə səbəb ola bilər. Bu səbəbdən hər bir insanın məsuliyyətli olması cəmiyyət üçün çox vacibdir.