logo

Generalı Emin Şəkinski vəfat etdi

13:11 21-10-2020 | icon 1827
Generalı Emin Şəkinski vəfat etdi

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinski vəfat edib.

YeniAvropa xəbər verir ki, DİN-dən verilən məlumata görə, o, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, 59 yaşlı general uzun müddətdən bəri xəstəlikdən əziyyət çəkirmiş.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.