logo

UEFA Azərbaycan və Ermənistanla bağlı qərarını verdi

09:58 21-10-2020 | icon 2254
UEFA Azərbaycan və Ermənistanla bağlı qərarını verdi

UEFA İcraiyyə Komitəsi Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq, klub və milli komandaların matçlarının Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, qərar bu məsələlə ilə bağlı növbəti bildirişədək öz qüvvəsində olacaq.

Qeyd edilib ki, təhlükəsizliklə bağlı sentyabrın 27-dən yaranan vəziyyətin inkişafını ətraflı nəzərdən keçirdikdən sonra UEFA hər iki ölkədəki hazırkı şəraitin oyunların təşkili üçün uyğun olmadığı qənaətinə gəlib. Nəticədə AFFA və Ermənistan Futbol Federasiyasından beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri xahiş olunub.

UEFA bəyan edib ki, regiondakı situasiya izləniləcək və İcraiyyə Komitəsinin oktyabrın 20-dəki qərarı "EVRO2020"nin gələn ilin iyununda Bakıda nəzərdə tutulan oyunlarının cari planlaşdırılmasına təsir göstərməyəcək.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya "Vilyarreal"ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.