logo

Mustafa Şentop: Ermənistan bölgədə və dünyada sülhə təhdiddir

10:59 19-10-2020 | icon 1708
Mustafa Şentop: Ermənistan bölgədə və dünyada sülhə təhdiddir

Təkcə dostumuz olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındayıq. Azərbaycan tarix və beynəlxalq hüquq baxımından da haqlıdır.

 YeniAvropa xəbər verir ki, bu sözləri oktyabrın 19-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

M. Şentop deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Şurası və ATƏT-in qərarlarında Ermənistanın işğalçı olduğu əksini tapıb.

Ermənistanın Gəncəyə hücumunun müharibə cinayəti olduğunu qeyd edən TBMM-in sədri deyib: “Müharibə cinayətləri törədənlərin bu gün, sabah da olmasa, başqa vaxt mühakimə olunduğu dünyada yaşayırıq. Ermənistan tək Azərbaycan üçün deyil, bölgədə və dünyada sülhə təhdiddir. Buna görə də Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bizim dostluğumuz əbədiyyətə qədər davam edəcək”.

Dağlıq Qarabağın heç zaman Azərbaycandan ayrı olmadığını vurğulayan M.Şentop bildirib: “Dağlıq Qarabağ tarix boyu heç vaxt müstəqil olmayıb və bundan sonra da olmayacaq. Bütün beynəlxalq təşkilatlar da Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistan tərəfindən işğal edildiyini bildirir”.

Ermənistanın Azərbaycanın Gəncə şəhərində mülki əhalini atəşə tutmasını müharibə cinayəti adlandıran TBMM-in sədri deyib ki, vaxt gələcək, bunu törədən Ermənistan rəsmiləri məsuliyyətə cəlb ediləcək.