logo

Qənirə Paşayeva: "Paşinyan – uğursuz dövlətin ən uğursuz rəhbəri"

10:10 18-10-2020 | icon 2163
Qənirə Paşayeva: "Paşinyan – uğursuz dövlətin ən uğursuz rəhbəri"

Prezident İlham Əliyevin son günlər ardıcıl şəkildə dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələri izlədikcə, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi ilk vaxtlarda xarici səfərlərini xatırlayıram. Yaxşı yadımdadır, dövlətimizin başçısı hər səfərində getdiyi ölkənin ictimai fikrinə təsir edən qurum və quruluş təmsilçiləri ilə görüşür, əlində çubuq xəritə üzərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışır, Qarabağda yaşananları izah edir, həqiqətləri çatdırırdı. Təsəvvür edin, o illərdə biz həm işğala məruz qalmış, həm də haqsız beynəlxalq münasibətsizliklə, ikili standartlarla sərt şəkildə üz-üzə qalmışdıq. Məsələn, işğalçının təhriki ilə 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunmuş 907-ci düzəliş tam qüvvədə idi. Ümummilli lider Heydər Əliyevin bir müəllim, böyük siyasət ustası, dövlət xadimi təcrübəsi ilə izah etdikləri sonrakı illərdə öz bəhrəsini verməyə başladı.

Məqsədim 1990-cı illərin tarixçəsindən bəhs etmək deyil. Demək istəyirəm ki, Prezident İlham Əliyev az qala hər gün nüfuzlu xarici telekanallara müsahibə verməklə, Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Dövlətimizin başçısı ölkəmizin qəti mövqeyini dünyaya bəyan etməklə bərabər, həm də maarifləndirir, dərs verir. Bəli, məhz dərs keçir. Heydər Əliyev dövlət idarəetmə, diplomatiya və siyasət məktəbinin ən layiqli müdavimi olan İlham Əliyevin həyatında, fəaliyyətində məğlub olmaq yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın "RİA Novosti" agentliyi üçün müsahibələrinə baxdıqdan sonra bu fikirlərdə yanılmadığıma bir daha əmin oldum.

YeniAvropa xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva səsləndirib.

Q.Paşayeva diqqətə çatdırıb ki, özünü mürəkkəb vəziyyətə salmış Ermənistan hakimiyyəti indi cəhənnəmə tək getmək istəmir, özünə yoldaş axtarır. Ermənistan həm balaca, həm imkansız, həm də bünövrədən uğursuz dövlətdir; Ermənistan Respublikası bir “layihə dövləti” olduğu üçün 102 illik “mövcudluğu” ərzində həmişə başqalarına yük, özü boyda problem oldu. İndi belə bir “zəngin dövlətçilik ənənəsi” üzərində hökumət qurmuş təcrübəsiz Paşinyan gah Soros uşağı kimi, gah da Rusiya xilaskarlığına güvənirmiş kimi dəyişik havalarda rəqs etmək istəyir. Hazırda öz başına və ölkəsinin başına gələnlərdə vaxtilə Şuşadakı yöndəmsiz rəqsinin özünəməxsus rolu olduğu danılmazdır.

Deputatın sözlərinə görə, Paşinyan nə masada danışıqlardan, nə də hərb meydanında davranışdan normal şəkildə söz aça bilmir. Dmitri Kiselyovun kompromislə bağlı sualına cavab verməyən, yaxud cavab verə bilməyən Paşinyan o sualı daha iki dəfə eşitməli oldusa da, əlbəttə, yuxarıda vurğuladığımız səbəblər üzündən və Azərbaycanofobiya mərəzindən çıxış edərək, doğru-dürüst cavab verə bilmədi. Bəli, bu, xaraktersiz hökumətin xaraktersiz başçısının mövqeyi idi. Paşinyan üç dəfə eşitdiyi kompromislə bağlı sualdan nə qədər çalışdısa yayına bilmədi. Uğursuz dövlətin ən uğursuz rəhbəri, kompromis kimi xalqların öz müqəddəratını təyin etməsini, ardınca isə bu müddəanı “qırmızı xətt” kimi göstərdi.

Qənirə Paşayeva, həmçinin deyib: “Azərbaycan kimi qədim dövlətçilik ənənələri üzərində qurulmuş müstəqil dövlətin uzaqgörən dövlət başçısı qarşısında Paşinyan kimi başıpozuq biri durub. Daha doğrusu, Ermənistan baş naziri Prezident İlham Əliyevin qarşısında duruş gətirə bilmir. Ermənistan hakimiyyətinin yeganə düzgün yolu mehriban qonşuluq, birgəyaşayış normalarına əməl etməkdir.

Azərbaycan Prezidentinin yetkin natiqliyi, uğurlu diplomatiyası, təmkinli siyasəti qarşısında kəkələyən, zorən diplomat və isterik baş nazir vardı. Ermənistan bütün limitləri xərcləyib. Onun özü də, hakimiyyəti də məhvə məhkumdur. Biz qalib gələcəyik. Qarabağ Azərbaycandır!”