logo

Payız-qış mövsümü koronavirusa görə problem yarada bilər

21:51 26-09-2020 | icon 2170
Payız-qış mövsümü koronavirusa görə problem yarada bilər

Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır.

 YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor bildirib ki, əgər COVID-19 xəstəliyinə qriplə birlikdə rast gəlinərsə, bu, xəstəliyin daha ağır getməsinə səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması işləri aktuallaşıb. Demək olar ki, dünyanın bütün ölkələri bununla əlaqədar tədbirlər görməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin bir hissəsidir.

O, ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin əvvəllər də həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, o vaxtlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb: "Hazırda biz digər bir virusun - COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək".