logo

Çirkab sularını ətraf əraziyə axıdan şirkət 2 min manat cərimələnib

13:08 22-09-2020 | icon 1953
Çirkab sularını ətraf əraziyə axıdan şirkət 2 min manat cərimələnib

Azərbaycan Respublikası Baş Prokurorluğu ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və bu sahədə törədilmiş hüquqpozmaların araşdırılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsinin bir qrup sakininin ərazidə yerləşən “Məmmədoğullar” MMC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə göstərilən hallar ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və Binəqədi rayon prokurorluğu tərəfindən birgə araşdırma aparılıb.

Araşdırmalarla MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmış çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyənləşdirilib.

Araşdırma nəticəsində toplanmış material müvafiq qərar qəbul edilməsindən ötrü Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə “Məhəmmədoğulları” MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 min manat məbləğində cərimələnib.