logo

Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

13:44 18-09-2020 | icon 322
Dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

18 sentyabr - Milli Musiqi Günü tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.

YeniAvropa xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və digər musiqi xadimlərinin məzarlarını ziyarət ediblər.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi və başqaları iştirak ediblər.

Tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edən A.Kərimov bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin böyük yeri var. O, Azərbaycan xalqının mənəvi qüdrətinin böyük timsalıdır. Qarabağda, "Qafqazın konservatoriyası" adlanan Şuşada anadan olması Üzeyir bəy üçün ilk məktəb olub. Onun əsərləri bəstəkarlar üçün böyük nümunədir. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış bəstəkardır. O, öz əsərlərində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Onun rəhbərliyi altında Azərbaycanda bəstəkarlıq məktəbi yaradılıb.”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini bildirib: "Onun ilk nüsxəsi birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. Çünki Mehriban xanım uzun illərdir davam edən "Üzeyir dünyası" nəşrinin təsisçisi, sponsoru və ilhamverici gücüdür. Bəstəkarlar İttifaqı olaraq Üzeyir Hacıbəyli festivalında fəal iştirak etmişik, maraqlı elmi konfranslar keçirmişik. Çalışmışıq ki, Üzeyir bəyin təkcə musiqisini yox, həm də onun alim olaraq kəşflərini və tapıntılarını gənclərə çatdıraq".

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli deyib ki, onun musiqisi hər zaman bizimlədir. Onun yaratdıqları bütün zamanlarda yaşayacaq. Musiqimizin uğurlarını Üzeyir bəylə bağlıdır. Azərbaycan musiqisinin bu səviyyəyə gəlib çatması onun dühasının məhsuludur. Üzeyir bəy hər yerdə var və onun əsərləri hər zaman sevilə-sevilə dinlənilir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq Artisti Siyavuş Kərimi də çıxış edərək dahi bəstəkar haqqında ürək sözlərini söyləyib: “Biz Üzeyir bəyin qoyduğu ənənələrə sadiq qalaraq musiqimiz inkişaf etdirməli və onu yad təsirlərdən qorumalıyıq”.

Sonda Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirilib.