logo

Operativ Qərargah “Şəki Bazar”ı 3 günlük karantinə bağladı

10:29 18-09-2020 | icon 294
Operativ Qərargah “Şəki Bazar”ı 3 günlük karantinə bağladı

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-9 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki,  “Şəki Bazar” ASC-də baş verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədilə bazar 2020-ci il sentyabrın 18-dən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətinə karantinə bağlanıb. Yəni, bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil olunub, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.