logo

İntihar edən ibtidai sinif müəllimi intim şəkilləri ilə şantaj olunub

16:31 17-09-2020 | icon 2107
İntihar edən ibtidai sinif müəllimi intim şəkilləri ilə şantaj olunub

Sentyabrın 16-da saat 15 radələrində Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar edən 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ilə bağlı yeni faktlar ortaya çıxıb. 

YeniAvropa xəbər verir ki, ilkin araşdırmalar zamanı məlum olub ki, Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı Naidə İsayeva dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amil olub.

Qeyd edək ki, əslən Lerik rayonundan olan 27 yaşlı Naidə İsayevanın qardaşı ötən gün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə gələrək xuliqanlıq hərəkətləri edib və binanın şüşələrini sındırıb. Bununla bağlı da rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya başlanılıb.

Bu gün Baş Prokurorluğun mətbuat xidməti  intihar hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə istintaq tədbirləri davam etdirilir.