logo

Süleyman Mikayılov AİBA-nın 16 milyon dollarlıq borcunu bağlayacaq?

18:55 15-09-2020 | icon 1988
Süleyman Mikayılov AİBA-nın 16 milyon dollarlıq borcunu bağlayacaq?

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılovun Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) prezidentliyə namizəd olduğunu xəbər vermişdik.

YeniAvropa xəbər verir ki, 58 yaşlı S.Mikayılov ABF-in saytına açıqlamasında AIBA-nın 16 milyon dollarlıq borcunu bağlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. O bildirib ki, yazılanlar həqiqəti əks etdirmir:

"Mən bununla bağlı heç kimə söz vermədim. Sadəcə bildirdim və platformamda da qeyd etdim ki, üç ay ərzində xüsusi komissiya yaradılacaq və həmin qrup borclarla bağlı məsələləri araşdıracaq. Çünki bu pulların nə üçün götürülməsi, hara investisiya qoyulması, necə xərclənməsi barədə heç kimdə təfərrüatı ilə dəqiq məlumat yoxdur. Mən "borcları bağlayacağam” demədim”.

Qeyd edək ki, xarici KİV-lərdə AIBA-nın 16 milyon dollarlıq borcunun "Benkons” şirkətinə olduğu qeyd olunur. "Benkons” isə "Gilan Holdinq”ə məxsus məhdud məsuliyyətli cəmiyyətdir. 2018-ci ilin martında Rusiyanın paytaxtı Moskvada keçirilən AIBA-nın Konqresində AIBA İcraiyyə Komitəsinin üzvü kimi Süleyman Mikayılov "Benkons” ilə qarşıdurmanı aradan qaldıracağını və bütün həll edilməli məsələləri yoluna qoyacağını vəd edib.

Xatırladaq ki, ötən ilin martın 29-dan AIBA-nın prezident postu boşdur. Müvəqqəti olaraq bu funksiyanı mərakeşli Məhəmməd Mustasan icra edir. Prezident seçkiləri dekabrın 12-13-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək AIBA-nın növbədənkənar Konqresi zamanı baş tutacaq.