logo

Şirvan şəhərində koronavirusa yoluxma artdı: TƏBİB hərəkətə keçdi

11:29 27-08-2020 | icon 25039
Şirvan şəhərində koronavirusa yoluxma artdı: TƏBİB hərəkətə keçdi

Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Şirvan şəhərinə monitorinq məqsədilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb.

TƏBİB-dən YeniAvropa-ya daxil olan açıqlamada deyilir: “Bu qüsurların aradan qaldırılması məqsədilə, Şirvan şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.

Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-nin baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq. Bu zaman xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-nin tövsiyələrini nəzərə alaraq, yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək.