logo

Alqış Musayev: “Bu toy Ramiz Mehdiyevin təşkil etdiyi siyasi təxribat idi"

17:55 23-08-2020 | icon 87724
Alqış Musayev: “Bu toy Ramiz Mehdiyevin təşkil etdiyi siyasi təxribat idi"

“Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, keçmiş deputat Alqış Musayev “AzPolitika.info”-nun suallarını cavablandırıb.

YeniAvropa ictimai əhəmiyyətini nəzərə alıb, həmin müsahibəni öz oxucularının diqqətinə təqdim edir:

- Alqış müəllim, ölkədə nələr baş verir? Mehdiyevin nəvə toyu əsl siyasi qalmaqala çevrilib və gündəmi zəbt edib…

- Heç kim toyun əleyhinə deyil. Axı heç kim sevməyə, evlənməyə qadağa qoymur. Gənclər bir-birlərini istəyib ailə qururlar, burda pis nə var ki? Yeni bir ailənin təməli qoyulursa, bu o demək ki, Azərbaycanımız bir ailə tutumunda böyüyür, sıralarımız bir ailə həcmində genişlənir. Hamı övladı üçün çalışır, əzab-əziyyətə qatlaşır. Hər bir valideyin əzizlərinin şad gününü yaxınları ilə birlikdə qeyd etmək, şənlənmək, yaddaqalan bir gün yaşamaq istər.

Amma indi biz fərqli bir dövrdə və yeni şərtlərlə yaşamağa məçburuq. Dünyada koronavirus pandemiyası elan olunub. “Əhalinin sağlamlığı bizim üçün birinci şərtdir” deyir Azərbaycan Prezidenti. Karantin qaydaları tətbiq olunub. Və bu qaydalara riayət etmək hər bir vətəndaşın vəzifəsidir.

Karantin rejiminə əməl etməmək dövlətə sayğısızlıq, qanunları tapdalamaq deməkdir. Bu yolu tutan hər kəs, vəzifəsinə, maddi imkanlarına və ya imkansızlığına baxmayaraq, öz cəzasını amalıdır. Necə ki, alır.

 Avqustun 18-də Novxanıda AMEA-nın prezidenti Ramiz Mehdiyevin iştirakı və xeyir duası ilə keçirilən toy mərasimi də bu qəbildən olan bir təxribatdır.

- Təxribatdır? Yəni hesab edirsiniz ki, bu, adi toy mərasimi deyil, düşünülmüş bir siyasi aksiya - təxribatdır?

- Bu insidentin siyasi təxribat olmadığını soyləmək üçün heç bir arqument yoxdur. Belə olmasaydı, Ramiz Mehdiyev evində gənclərə xeyir-dua verər, tədbir yalnız ailə üzvlərinin iştirakı ilə, səssiz-küysüz yekunlaşardı. Hətta bu nümunənin video görüntülərini sosial şəbəkələrdə paylaşmaq olardı, hamı da görərdi ki, doğrudan da 83 yaşlı bir insan ağsaqqal hərəkəti nümayiş etdirib. Əvəzində biz özgə bir mənzərənin, başqa bir video görüntünün şahidi oluruq. Bəy-gəlin qalıb bir tərəfdə, Ramiz Mehdiyev özünü təriflədir.

Yeri gəlmişkən, son günlər özünü təriflətmək Ramiz Mehdiyevin Akademiyadakı əsas “elmi” qayəsinə çevrilib. Sayğı duyduğum bir neçə akademik mənə gileylənir ki, artıq bu bizi bezdirib, iki gündən bir mənasız iclaslar çağırır və saatlarla özünü təriflədir.

 

- Yəni siz düşünürsünüz ki, nəvə toyu, indi çoxlarının düşündüyü kimi, gerçəkdən bir dirənişdir, siyasi əzələ nümayişidir?...

- İlk baxışda belə görünə bilər ki, Mehdiyev artıq yaşlanıb, səhhətində problemlər var, özünə və ətrafına nəzarəti itirib. Nə etdiyinin, nə baş verdiyinin fərqində deyil və sair. Ancaq toyun videogörüntüləri sosial şəbəkədə yayılandan sonra sabiq millət vəkilinin mətbuata verdiyi hirsli-hikkəli açıqlama bu versiyanı gündəlikdən çıxarır. Diqqət edin, görün kürəkən İlham Əliyev nə deyir: “Siz mənim şəxsi həyatımdan yox, dövlətdə baş verənlərdən soruşun, danışım”. Sual olunur: dövlətdə nə baş verir ki? Və o, indiyə kimi hansı dövlət əhəmiyyətli məsələlərdən danışıb? Ümumiyyətlə, o, nə danışa bilər?...

 Şözsüz ki, bu cavab kürəkənin öz düşüncəsi deyil. Kürəkənin bu aqressiv cavabından qayınatası Ramiz Mehdiyevin kin-küdurəti, ötən günlərə nostalgiyası, kaprizləri, siyasi boyuna və çəkisinə tən gəlməyən iddiası boylanır! Ramiz Mehdiyev demək istəyir ki, mənsiz bu dövlətdə xoşa gəlməyən proseslər gedir. Mən yoxamsa, nə idarəçilik, nə dövlət?!

Mənim heç şübhəm yoxdur ki, toy mərasiminin görüntüləri də məhz Ramiz Mehdiyevin xeyir-duası, razılığı ilə özləri tərəfindən sosial şəbəkələrə ötürülüb...

Hələ siz Mehdiyevlə qudalığını təzəcə rəsmiləşdirmiş Rövşən Mustafayevin ədasına fikir verin. Polis bölməsinə aparılarkən onu çəkən şəxsə tərəf dönüb deyir ki, bu klipi harda verəcəksiniz? Bu, harınlığın əlamətidir, qeyd-şərtsiz qudurğanlıqdır.

Abşeron məhkəməsində hakimin verdiyi məlumatdan aydın olur ki, polisləri mərasim keçirilən əraziyə yaxın buraxmayıblar. Bu səlahiyyəti onlara kimi verib, bu gücü onlar hardan alırlar?...

- Nə üçün belə etsinlər ki?...

- Bu hərəkətin bir məqsədi var: Prezidentin imicini ləkələmək, onun xarizmasını zədələyərək, dövləti sarsıtmaq!

Bəlli bir həqiqətdir ki, Azərbaycana qarşı çirkin və kifayət qədər məkrli kampaniya aparılmaqdadır. Və bu kampaniya birmənalı olaraq koordinasiya edilir. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, düşmən heç də naşı deyil. Unutmayaq, biz şərq xalqıyıq. Şərq xalqlarının tarixini azaçıq tədqiq etsək, görərik ki, bu xalqlar dövlətçilik tarixləri boyu iki faktorun arasında seçim ediblər: ya xarizma, ya da xaos. Xarizma yoxdursa, xaosun arxasınca gediblər. Baxın, bu gün anti-Azərbaycan təbliğatının əsas hədəfi kimlərdir? 3 ünvanı hədəfə götürüblər: 

1. Heydər Əliyev - Azərbaycan xalqının ali siyasi istinadgah mənbəyi, dövlətin memarı. 

2. İlham Əliyev - hazırki proseslərin yönləndiricisi və şəriksiz lideri. 

3. Mehriban Əliyeva - Ölkənin Birinci vitse-prezidenti və ictimai düşüncədə hakimiyyətin siyasi varisi kimi qavranılan səxs...

Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, düşmənin məqsədi cəmiyyətimizi xaosa sürükləməkdir. Dövlətçilk relsləri üzərində gedən prosesləri məcrasından çıxarıb küçəyə daşımaqdır. Xaos yeni ərazi itkisi, Azəbaycan dövlətini dayaq sütunlarından məhrumetmə deməkdir. Bu yerdə bir məsələni xüsusilə vurğulamaq istərdim. Ölkəmizin bugünkü uğurlarını təmin edən həlledici faktorlardan biri və birincisi 2003-cü ilin prezident seçkisidir. 2003-cü ildə, son 100 ildə ilk dəfə olaraq, İlham Əliyevin timsalında siyasi hakimiyyətin varisliyi xalqın dəstəyi ilə, istəyi ilə, hüquq çərçivəsində, ən əsası da, heç bir sosial böhranın, ərazi itkisinin müşayiəti olmadan həyata keçib, həll olunubdur.

Bu məqamı təkcə politoloqlar, ictimai düşüncəni formalaşdıran fikir adamları, dövlət rəsmiləri deyil, uşaqdan böyüyə hər bir azərbaycanlı unutmamalıdır.

Düşmən bu gün, oturuşmaqda olan dövlətçilik ənənəsini sıradan çıxarmağı, milli-siyasi dövlətçilik estafetinin gələcək nəsillərə ötürülməsini əngəlləməyi özünün ali məqsədi sayır. Biz bir dövlət, bir cəmiyyət olaraq ayıq-sayıq yaşamalıyıq.

Hazırda elə bir həssas dönəmə daxil olmuşuq, üstəlik, elə bir həssas bölgədə yaşayırıq ki, ictmai-siyasi proseslərdə baş verən ən adi, ən xırda dəyişiklik belə diqqətdən yayınmamalıdır.

Bu yerdə bir məsələni də xatırlatmağı vacib sayıram. Təəssüf ki, cənab Prezident tərəfindən dövlətin taleyinə, dövlətçilik məsələlərinə qarşı nümayiş etdirilən həssaslığı ayri-ayri komanda üzvlərinin davranışında, müxtəlif təbəqələrin fəaliyyətində görə bilmirik...

- Sizcə, Ramiz Mehdiyevin istəyi nədir? Dövlət, Prezident ona istədiyi hər şeyi verdi - uzun illər Administrasiyanın rəhbəri vəzifəsində saxladılar, dövlətin ali ordenləri, mükafatları ilə təltif etdilər, milyarderə çevrildi... Mehdiyev daha nə istəyə bilər ki?...

- Deyim ki, bu, indinin söhbəti deyil. Mehdiyev çoxdandır ki, İlham Əliyevin xarizmasını zədələmək istiqamətində cəhdlər edir.

Onun xəyanətə sürükləyən səbəb bəllidir. Ramiz Mehdiyev təxminən 2000-ci illərin əvvəlindən məmur obrazından çıxmaq üçün məkrli gedişlər nümayiş etdirməyə başladı. İş o yerə çatdı ki, o, özünü (həm də ətrafındakı bəzi ideoloqların təkidi ilə) sadəlövhcəsinə inandırdı ki, hakimiyyətin siyasi varisi ola və ali hakimiyyətin məsuliyyətini öz üzərinə götürə bilər. Səhv etmirəmsə, 2001-ci ildə “Turan” informasiya agentliyində onun bir müsahibəsi dərc edilmişdi. O müsahibəyə göz gəzdirən peşəkar və ayıq oxucu dərhal hiss edirdi ki, müsahibənin təşəbbüsü “Turan” informasiya agentliyinə məxsus deyil. Təşəbbüs Ramiz Mehdiyevin özündən irəli gəlib.

Orada, təxminən (təxminən ona görə deyirəm ki, material hazırda əlimin altında yoxdur, amma məzmun dəqiqdir) belə bir sual verilirdi: “Ramiz müəllim, sizin adınız ictimai fikirdə həm də mövcud hakimiyyətin siyasi varisi kimi hallanır...”

Sualın cababında Ramiz Mehdiyev konkret “hə” və “yox” bildirmədən deyir: “Biz, Heydər Əliyevin silahdaşları onun hakimiyyətinin siyasi varisliyini təmin etməyə borcluyuq.”

Onun nə demək istədiyini şərh etməyə elə bir ehtiyac qalmır. Halbuki həmin ərəfədə hakimiyyətdə siyasi varisin İlham Əliyev olacağı barədə demək olar ki, birmənalı fikir formalaşmaqda idi.

Beləliklə, Ramiz Mehdiyev silsilə yanlışlara imza atmaqda davam etdi və təəssüf ki, bu gün də o, öz “yanlışlar siyahısını” zənginləşdirməkdə davam edir...

- Bəs onda indiyə kimi onun cəzasız qalmasının səbəbi nədir?...

- İlham Əliyevin bir yaxşı sözü var, deyir ki, biz nəyi, nə zaman və necə etməyi özümüz hamıdan yaxşı bilirik. Kənardan belə bir təəssürat yarana bilər ki, hakimiyyət hansısa addımında yubanır, tələsmək lazımdır və sair. Gerçəklik isə başqadır. Azərbaycan Prezidenti respublikanın ən məlumatlı şəxsidir.

Bir dəfə mən müsahibələrimin birində demişdim ki, İlham Əliyevin bir dövlət adamı olaraq ən əlahiddə keyfiyyəti onun təmkinidir. Əlbəttə ki, bu təmkin məişət səviyyəsində olan adi səbr deyil. İlham Əliyevin təmkini strateji xarakter daşıyır. Hansı ki, bizə hava və su kimi gərəkdir.

Strateji təmkin odur ki, sən ölkənin daxilində və ətrafında gedən prosesləri zərgər dəqiqliyi ilə təhlil edib uzlaşdıra bilir, əlverişli geosiyasi vəziyyətin yetişməsini gözləməyi bacarırsan. Strateji təmkin bəzən günlərlə, aylarla deyil, illərlə, on illərlə gözləməyi tələb edir.

Bu yerdə mən, müqayisə olaraq yox, fakt kimi bir tarixi hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim. Bu gün türk dünyasının mənəvi-siyasi mərkəzlərindən biri sayılan İstanbul Fateh Mehmetin topuyla, tüfəngiylə bərabər, həm də daha çox onun strateji təmkini hesabına fəth edilib. Yəqin bilirsiz ki, onun bir vəziri vardı - Xəlil Paşa. Xəlil Paşa özündənrazı, maddi cəhətdən zəngin bir adam idi. Mehmeti də sevmirdi. Hesab edirdi ki, o özü daha təcrübəlidir və dövləti idarə etməyə layiqdir. Tarixdən bəllidir ki, Xəlil Paşa Mehmetin hakimiyyətə gəlməsini də əngəlləməyə çalışırdı. Xəlil Paşa Mehmetin atası İkinci Muradın da vəziri olmuşdu. İkinci Murad xəstə olarkən oğlu Mehmeti taxta çıxarmışdı. Amma Xəllil Paşa əlindəki imkanlardan istifadə edib buna mane ola bildi. İkinci Murad məcbur olub yenidən taxta qayıtmışdı.

İkinci Murad vəfat edəndə Xəlil Paşa Osmanlıda vəziyyəti gərginləşdirib hakimiyyəti ələ keçirmək istəyirdi. Elə bu məqsədlə də İkinci Muradın ölüm xəbərini Mehmetə çatdırmaq üçün qasidi atla yox, qatırla göndərmişdi ki, gənc Mehmetin paytaxta dönüşü yubansın, nəticədə Xəllil Paşa vəziyyəti öz xeyrinə dəyişə bilsin.

Onun bu niyyəti baş tutmadı, Mehmet taxta cıxdı. Hamı gözləyirdi ki, Mehmet Xəlil Paşanı dərhal cəzalandıracaq. Ancaq gözləntilərin əksinə olaraq, Mehmet Xəlil Paşanın səlahiyyətlərini bir az da artırdı. Baş vəzir, indiki dildə desək, Osmanlı administrasiyasının rəhbəri təyin elədi.

Mehmetə o da məlum idi ki, Xəlil Paşa altdan-altdan Bizansa işləyir, Bizans hökumətindən mütəmadi olaraq hədiyyə adıyla rüşvət qəbul edir. Mehmet təmkinlə gözlədi, nəhayət, İstanbul fəth olunan günün axşamı Xəlil Paşanı edam elətdirdi...

Belə ki, bəzən “İstanbulun fəthi” naminə xəyanətkarları da yola vermək lazım olur...

- Qəribədir, Mehdiyev, necə olub ki, altdan-altdan gördüyü işlərdən diqqəti yayındıra bilib?...

- Mən tarixdən əbəs yerə iqtibas gətirmədim. Detallara varmadan deyim ki, o, artıq 2002-ci ildə özünü faş etmişdi. Ramiz Mehdiyevin xəyanətkar hərəkətləri Ulu öndərimizə bəlli idi. Dahi öndərimiz demişdi ki, “bəzi məsələlər var, yoluna qoyulandan sonra Mehdiyevin dərsini verəcəyəm”.

Təəssüf ki, səhhəti imkan vermədi, ömür vəfa etmədi. Digər tərəfdən zaman münasib deyildi. Amma bir ilahi nizam-intizam var. Mən tarixin ədalətinə və hökmünə inanıram. Görünür, Ramiz Mehdiyevin dərsini vermək İlham Əliyevin qismətinə yazılıbmış...

- Tədbirdə iştirak edən digər şəxslərin aqibətini necə görürsünüz, onların cəzası necə olmalıdır?

- Birmənalı olaraq, o tədbirdə iştirak etmiş dövləti, hakimiyyəti təmsil edən hər bir adam cəzadan kənar qalmamalıdır. Həmin videogörüntüdə Ramiz Mehdiyevin “böyük xidmətlərindən” danışan Abel Məhərrəmov deyir ki, biz kimik, biz xırda adamlarıq. Əslində çox dəqiq deyir. Onlar xırda yox, çox xırda adamlardır.

Vəzifə, pul, bir az da ətrafda hərlənən adi və akademik yaltaqların hesabına zaman-zaman şişiblər, yekələniblər. Və onlara elə gəlib ki, doğrudan da onlar böyük adamlardır. İndi vəzifə yoxdur, səlahiyyətlər azalıb. Amma yenə böyuk görünmək, yekəlik eləmək istəyirlər. Nəticədə özlərini gülünc duruma salıb, insanların nifrətini qazanırlar...