logo

Daha bir məmura cinayət işi açıldı

13:44 14-08-2020 | icon 1862
Daha bir məmura cinayət işi açıldı

Ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında mənfi hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Bu kimi hallara qarşı prokurorluq orqanlarının ardıcıl və kəsərli tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu çərçivədə reallaşdırılan tədbirlərdən biri kimi, Yevlax Rayon İcra Hakimiyyəti başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylaması barədə rayon prokurorluğuna daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Mikayıl Əsədovun Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayaraq mənimsəməsinə, bununla da fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Avqustun 6-da Mikayıl Əsədova Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Avqustun 13-də cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.