logo

Bakıda Azərbaycan və Serbiya hökumət nümayəndələrinin görüşü keçirilir

10:33 11-08-2020 | icon 2933
Bakıda Azərbaycan və Serbiya hökumət nümayəndələrinin görüşü keçirilir

Avqustun 11-də Azərbaycan və Serbiya hökumət nümayəndələrinin iştirakı ilə görüş başlayıb.

YeniAvropa xəbər verir ki, görüşdə Serbiya Respublikasının baş nazirinin müavini və daxili işlər naziri Neboyşa Stefanoviç, Azərbaycan tərəfindən prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iştirak edirlər.

Görüşdə əsas müzakirə mövzusu iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində , Tovuz  rayonu istiqamətində Ermənistanın təxribatı nəticəsində baş vermiş hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsi məsələsidir.

Xatırladaq ki, avqustun 7-də Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edərək iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində , Tovuz  rayonu istiqamətində Ermənistanın təxribatı nəticəsində baş vermiş hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Telefon zənginə görə minnətdarlığını bildirən prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.