logo

Aşağı Güzdək sakinləri Bakı-Şamaxı yolunu bağladılar

16:57 08-08-2020 | icon 2863
Aşağı Güzdək sakinləri Bakı-Şamaxı yolunu bağladılar

Bakının Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində üç aydır ki, içməli su yoxdur. Maşınla su alan sakinlər hər ay buna görə 200 manatadək pul ödəməli olurlar. Uzun müddətdir problemlərinin həll olunmamasından əziyyət çəkən güzdəklilər çıxış yolunu Bakı-Şamaxı yolununun hərəkət hissəsini bağlamaqda görüblər.

YeniAvropa xəbər verir ki,  qəsəbə sakinləri bu gün səhər saatlarında Bakı-Şamaxı yoluna çıxıb. Sakinlərin tələbi şikayətlərinin aidiyyatı qurumlar tərəfindən həll olunması, müraciətlərinə baxılmasıdır.

Sakinlər bildirirlər ki, burada su problemi uzun illərdir ki mövcuddur. Paytaxtdan cəmi 13 km məsafədə yerləşən, 15000 insanın yaşadığı qəsəbədə yeni su xətti çəkilməyib. Əhalinin böyük hissəsi suyu pul verib alır: “Üç aydır içməli suya həsrət qalmışıq. Suyu maşınla alırıq. Hər ay 200 manat içməli suya pul veririk. Ərazidə kanalizasiya sistemi də yoxdur. Bərbad gündə yaşayırıq. Problemimizlə maraqlanan yoxdur”, - sakinlər bildiriblər. 

Məsələ ilə bağlı "Azərsu" ASC, Aşağı Güzdək Bələdiyyəsi və ərazi üzrə icra nümayəndəliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab ala bilmədik.

Qeyd edək ki, su problemi ilə bağlı ötən ay Aşağı Güzdək qəsəbəsinin bir qrup sakini prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, baş nazir Əli Əsədova və digər dövlət rəsmilərinə müraciət ünvanlayıblar. 

 Su problemi təkcə Aşağı Güzdək qəsəbəsində yaşanmır, son vaxtlar ölkədə yaranmış su qıtlığının təsirləri bir çox qəsəbələrdə və rayonlarda özünü göstərməkdədir. Bu günlərdə prezident İlham Əliyev ölkədə yaranmış susuzluq problemi ilə bağlı xüsusi müşavirə keçirib. Dövlət başçısı ölkənin su təsərrüfatında ciddi korrupsiyanın hökm sürdüyünü, su itkisinin bəzən 50 faizə çatdığını bildirib və müvafiq strukturların qarşısında konkret vəzifələr qoyub.