logo

Sahil Babayev 190 manat birdəfəlik ödəmələrdən danışdı

11:59 07-08-2020 | icon 1799
Sahil Babayev 190 manat birdəfəlik ödəmələrdən danışdı

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.

YeniAvropa xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

S.Babayev bildirib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.

Nazir onu da bildirib ki, bu il ölkədə 53 min vətəndaşa heç bir qapıya getmədən pensiya təyin olunub.

Onun sözlərinə görə, fərdi uçot sisteminin möhkəmləndirilməsi hesabına pensiyalarda çox ciddi artım baş verib.

S.Babayev,həmçinin qeyd edib ki, növbəti ilin sonuna kimi ƏƏSMN-nin təqdim etdiyi 132 xidmətdən 90-ı tam elektronlaşdırılacaq. Bu ilin sonuna kimi isə Binəqədi və Nərimanov rayonunu əhatə edəcək Dost Mərkəzinin tikintisi yekunlaşacaq.