logo

Bakıda Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

19:49 06-08-2020 | icon 2499
Bakıda Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

Avqustun 6-da xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.Qeyd edilib ki, nazir Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.

Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Nazir bu il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, qonşu dövlətin nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla, işğala məruz qalan Azərbaycana eyni yanaşma nümayiş etdirilməsinin qəbuledilməz olduğunu bildirən nazir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.

Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünün bəyanatına istinad edib və bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.