logo

FHN çimərliklərdən istifadə edən  əhaliyə müraciət edib

13:51 05-08-2020 | icon 2422
FHN çimərliklərdən istifadə edən  əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdən istifadəyə dair əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, müraciətdə çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi qeyd edilib.

Bildirilib ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 metr, çətirlərin oxları arasındakı minimal məsafə 4 metr olmalıdır. Qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir. Özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət olunmalıdır.

Bundan başqa, müraciətdə nəzərdə tutulmamış ərazilərdə çimməyin, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzməyin, küləkli havada dənizə girməyin, çimərlikdə gecələməyin, sərxoş halda çimərlikdə olmağın, suda kobud hərəkətlər etməyin, çimərlikdə balıq tutmağın, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmağın qadağan olduğu da əhalinin diqqətinə çatdırılıb.

“Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, - deyə FHN-in müraciətində vurğulanıb.