logo

Bərdə sakini həmkəndlisini güllələdi

09:55 13-07-2020 | icon 2142
Bərdə sakini həmkəndlisini güllələdi

İyulun 12-də saat 06 radələrində Bərdə rayonunun Otuzikilər kənd sakini 1997-ci il təvəllüdlü Namiq Ağamirova ov tüfəngi ilə açılan atəş nəticəsində xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Bərdə rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Araşdırmalarla cinayətin həmin kənd sakini, 1976-cı il təvəllüdlü Qadir İbrahimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Qadir İbrahimov Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.