logo

Surət Hüseynov özünü "qarabağlıların ağsaqqalı” adlandırdı-ara qarışdı

16:58 09-07-2020 | icon 5208
Surət Hüseynov özünü "qarabağlıların ağsaqqalı” adlandırdı-ara qarışdı

Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynovun bugünlərdə "Meydan TV”-yə verdiyi müsahibədə özünü "qarabağlıların ağsaqqalı” kimi təqdim etməsi qarabağlılar tərəfindən sərt reaksiya ilə qarşılanıb.

 YeniAvropa xəbər verir ki, Surət Hüseynov müsahibə zamanı jurnalist Natiq Cavadlıya bir neçə dəfə onun sözünü kəsməsinə, çoxlu suallar verməsinə irad bildirir : "Sən qarabağlısan, qarabağlıların ağsaqqaının sözünü kəsirsən. Bir qarabağlı oturub, digər tərəfdə də qarabağlıların ağsaqqalı öz qarabağlısına baxıb düşünür ki, ”bu nə vaxt dayanacaq".

Məsələ ilə bağlı "Yeni Müsavat” tanınmış qarabağlıların mövqeyini öyrənib.Əslən qarabağlı olan deputat, tanınmış yazıçı Aqil Abbas məsələyə bu cür reaksiya bildirdi:"Öncə onu qeyd edim ki, kimsə qarabağlı olmasa da, özünü Qarabağ ağsaqqalı hesab edə bilər, əgər buna haqqı çatırsa. Burada qeyri-adi bir şey yoxdur.Yəni əgər adam Qarabağ uğrunda əlindən gələni edibsə, heç nəyə baxmayaraq, bu yolda özünü oda atıbsa, özünü oranın ağsaqqalı hesab etməyə haqqı çatır. Belə adamlardan bir neçəsinin adını çəkə bilərəm. Əsas məsələ insanın haralı olması deyil, əsas odur ki, insan necə və nə üçün yaşayıb. Məsələn, mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə mənim üçün qarabağlıların ağsaqqalıdır. Surət Hüseynov isə qarabağlıların ağsaqqalı deyil. Ola bilərdi, amma bacarmadı. Əksinə, Qarabağın əldən getməsində Surət Hüseynovun günahları var. Hətta cinayət hərəkətləri də oldu və buna görə cəzalandırıldı.Vaxtilə Qarabağ müharibəsi başlayanda həqiqətən də Surət Hüseynov canını, malını, varını bu yolda qoymuşdu. Mən bunun şahidiyəm. Yəni vaxtilə onun Qarabağla bağlı xidmətləri olub. Təyyarədən tutmuş, tankına qədər silahları alıb, döyüşlərdə iştirak edirdi. Sonradan ya yoldan çıxarıldı, ya aldadıldı, öz yolundan çəkildi, 4 iyun hadisəsi baş verdi və bununla da Qarabağ əldən getdi. Belə ki, Surət Hüseynov Ağdərədən qoşunu çəkdi, Ağdərə getdi, Ağdamdan könüllü batolyanları çıxartdılar, Ağdam getdi, o cümlədən də Füzuli rayonu.Bir sözlə, Surət Hüseynov Qarabağın ağsaqqalı ola bilərdi, amma olmadı. Ağsaqqal sözünün ağır çəkisi var, buna layiq olmaq lazımdır",-deyə Aqil Abbas bildirib."Hər kəs özü haqqında çox şey deyə, hətta imperator elan edə bilər. Bu, ruhi xəstəliyin əlamətidir. Ağsaqqal məsələsi isə çox çətin məsələdir. Kimsə özünü ağsaqqal elan edirsə, o demək deyil ki, ağsaqqaldır. Ağsaqqalı el-oba, camaat müəyyənləşdirir.Surət Hüseynovun özünü ağsaqqal hesab etməsi çox qeyri-ciddi bir məsələdir və ona heç əhəmiyyət də vermək lazım deyil",-deyə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı vurğulayıb .

"Yeni Müsavat” qəzetinin direktoru, əslən qarabağlı Ələsgər Süleymanov Surət Hüseynovun fikirlərinin absurd olduğunu bildirib: "Əvvəla, Surət Hüseynov heç qarabağlı deyil. İkincisi, onun qarabağlıların ağsaqqalı olmasını qəbul etmək heç cür mümkün deyil. Çünki o, Qarabağın ermənilərə verilməsində birbaşa məsuliyyət daşıyan şəxsdir. 

Şahidiyəm ki, zamanında Ağdamda özünmüdafiə batalyonları var idi. Surət Hüseynov və dəstəsi Ağdama gələrək müdafiə batalyonunun əsgərlərinin əlindən silahlarını aldılar və dedilər ki, ”siz gedin dincəlin, torpaqları daha biz qoruyacağıq". Ondan sonra da Ağdam da daxil olmaqla, rayonlar bir-bir işğal olunmağa başladı.

Qarabağ torpağının, qarabağlıların lənəti həmişə Surət Hüseynovun üzərində olacaq".