logo

Yevlax Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı

15:15 09-07-2020 | icon 2359
Yevlax Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı

Xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən saxta tibbi göndəriş vərəqələrinin verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, araşdırma zamanı Yevlax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq mənafeyinə qəsdən zidd olaraq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayonunun ayrı-ayrı sakinlərinə xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış postlarda təqdim etmək üçün saxta tibbi göndəriş vərəqələri verməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran hərəkətlərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkarlanması istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırır.