logo

Kamran Əliyev hərbi prokurora yeni müavin təyin etdi

16:13 08-07-2020 | icon 2744
Kamran Əliyev hərbi prokurora yeni müavin təyin etdi

Baş Prokurorluqda aparılan islahatlar dalğası Hərbi Prokurorluğa da gəlib çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması, habelə Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Baş prokuror tərəfindən Hərbi Prokurorluğun yeni strukturu təsdiqlənib və buna uyğun təyinatlar həyata keçirilib.

Hərbi Prokurorluğun strukturu mahiyyətcə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarə və şöbələr yaradılıb, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Hərbi prokurorun əlavə müavini vəzifəsi təsis edilib, bəzi idarələr və şöbələr ləğv olunaraq onların bazasında Kriminalistika və informasiya texnologiyaları, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarələri, Təşkilat və icraya nəzarət, Hüquqi təminat və insan hüquqları məsələləri, Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılıb.

Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Fuad Məmmədova Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsi həvalə edilib. Həmçinin Bəhruz Əhmədov İstintaq idarəsinin, Emil Kərimov Kriminalistika və informasiya texnologiyaları idarəsinin, Natiq Həsənov Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin, Emil Tağıyev Xüsusi istintaq, Mehdi Hüseynzadə İstintaqa nəzarət, Səfər Əhmədov Dövlət ittihamının müdafiəsi, Rövşən Əfəndiyev Təşkilat və icraya nəzarət, Səməd Əliyev Hüquqi təminat və insan hüquqları məsələləri, Nahid Şıxəliyev Sənədlərlə və müraciətlərlə işin təşkili, Emil Xankişiyev Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması, Elmir Süleymanlı Kadrlar şöbəsinin rəisi vəzifələrinə, Ağakişi Acalov isə İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin ediliblər.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə, Şöhrət Qəhrəmanova Şəmkir hərbi prokuroru vəzifəsinin icrası həvalə edilib, Samir Əzimzadə Bakı hərbi prokurorunun müavini, Camal Məmmədov Tərtər hərbi prokurorunun müavini, Elçin Quliyev isə Şəmkir hərbi prokurorunun müavini vəzifələrinə təyin olunublar.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində islahatlar davam etdirilir.