logo

Lənkəranda rüşvət alan sabiq direktora cinayət işi başlanıb

12:30 08-07-2020 | icon 1876
Lənkəranda rüşvət alan sabiq direktora cinayət işi başlanıb

Prokurorluq orqanları ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən törədilən səlahiyyətlərindən sui-istifadə etmə hallarına qarşı mübarizə tədbirlərini davam etdirir. Həmin tədbirlərin davamı kimi, Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə daxil olmuş material Lənkəran rayon Prokurorluğunda araşdırılıb.

Lənkəran rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilir ki, araşdırmalarla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin olunması müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti almasına əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.