logo

İlham Əliyev Nursultan Nazarbayevin 80 illik yubileyini təbrik etdi

15:18 06-07-2020 | icon 2191
İlham Əliyev Nursultan Nazarbayevin 80 illik yubileyini təbrik etdi

Prezident İlham Əliyev iyulun 6-da Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Dövlət başçısı Nursultan Nazarbayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Prezident İlham Əliyev Nursultan Nazarbayevin müstəqil Qazaxıstan Respublikasının quruculuğunda müstəsna rolunu qeyd edərək, məhz onun yorulmaz səyləri nəticəsində Qazaxıstanın böyük inkişaf yolu keçdiyini, xalqın rifah halının təmin edilməsi və ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb.Eyni zamanda, Prezident İlham Əliyev Nursultan Nazarbayevin türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfələri də yüksək qiymətləndirib.

Nursultan Nazarbayev göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, Nursultan Nazarbayev 6 iyul 1940-cı ildə anadan olub.