logo

"ARB24" telekanalında koronavirus yoluxanların sayı 7-yə çatıb

22:18 05-07-2020 | icon 2247
"ARB24" telekanalında koronavirus yoluxanların sayı 7-yə çatıb
"ARB24" telekanalının Operativ Qərargahda keçirilən son brifinqində çəkiliş aparan operatorunda koronavirus aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə "ARB"nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib.Qeyd edib ki, əməkdaşda heç bir əlamət olmayıb: "Həmin gün işə gələrkən binanın girişində qızdırması ölçülüb və hərarəti normal olduğundan işə başlamasına icazə verilib. Gün ərzində çəkilişdə olub və axşam tərəfi Operativ Qərargahın brifinqinə yollanıb. Orada götürülən testin nəticəsi pozitiv çıxıb. Ondan başqa daha iki əməkdaşımızda da koronavirus aşkarlanıb. Hər ikisi məzuniyyətdə olan bu əməkdaşlar müəyyən əlamətlərdən şübhələndikləri üçün test veriblər və nəticələri pozitiv çıxıb. Hər üç əməkdaşımız hazırda özünü yaxşı hiss edir, səhhətlərində ciddi problem yoxdur”.
 
Ozal İbrahimlinin sözlərinə görə, bununla "ARB24" telekanalında COVİD19 infeksiyasına yoluxanların sayı yeddiyə çatıb: "Digər dörd əməkdaşdan ikisinin ikinci testinin cavabı neqativ çıxıb, bir əməkdaş bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb, digərinin müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir”.
 
Ozal İbrahimli bildirib ki, bu yoluxmalara baxmayaraq, ARB24 telekanalı fəaliyyətini davam etdirir: "Telekanalda məhdud yayım həyata keçirilir, əməkdaşlar iki qrupa bölünmüş halda işləyirlər”.
 
"ARB24 xəbər kanalı olduğu üçün əməkdaşlar tez-tez çəkilişlərə yollanırlar, çoxsaylı insanlarla ünsiyyətdə olurlar. Şirkət daxilində və çəkilişlərdə birmənalı olaraq, qoruyucu maska taxsalar, sosial distansiya və gigiyenik tələblərə əməl etsələr də, təəssüf ki, indiyədək yeddi əməkdaşımız bu virusa yoluxub. Bu virusdan heç kim sığortalanmayıb”, - deyən Ozal İbrahimli vurğulayıb ki, təhlükəyə baxmayaraq, ARB24 telekanalının əməkdaşları təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməklə, üzərlərinə düşən xəbər missiyasını uğurla həyata keçirməkdə davam edirlər.