logo

Tərtərdə azyaşlının öldürülməsi ilə bağlı cinayət işi başlanıb

10:52 03-07-2020 | icon 1967
Tərtərdə azyaşlının öldürülməsi ilə bağlı cinayət işi başlanıb

İyulun 2-də saat 19 radələrində Tərtər rayonunun Hacıqərvənd kənd sakini, 2018-ci il təvəllüdlü Ömər Ağazadənin başına kürəklə vurularaq xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.

Tərtər Rayon Prokurorluğundan YeniAvropa-ya bildiriblər ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Ömər Ağazadə bu il iyulun 3-də aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.