logo

Qorxmaz Hüseynov Milli Məclisdə su təchizatı ilə bağlı hesabat verib

17:06 01-07-2020 | icon 2443
Qorxmaz Hüseynov Milli Məclisdə su təchizatı ilə bağlı hesabat verib

İyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmə keçirilib.

YeniAvropa xəbər verir ki, dinləmədə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin deputatları da iştirak ediblər.

Dinləməni Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq bildirib ki, dinləmədə ölkəmizdə içməli suya olan tələbatın ödənilməsi, bu sahədə yaranan problemlər, Azərbaycandakı su ehtiyatları və içməli su mənbələri barədə danışılacaq, mövcud problemlər müzakirə ediləcək. Bu problemlərin aradan qaldırılması üçün qanunverici orqanın dəstəyinə ehtiyac olarsa, parlament köməyini əsirgəməyəcək, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq.

Sadiq Qurbanov deyib ki, dünyada su ehtiyatları azalır. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə, ölkəmizdəki su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Əsas su mənbələrimiz olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Azərbaycan su məsələsi ilə bağlı 17 konvensiyaya qoşulub, lakin təəssüf ki, qonşu ölkələrdən Ermənistan və Gürcüstan həmin konvensiyalara qoşulmayıblar.

Sonra dinləmədə iştirak edən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov respublikada su təminatı məsələləri, görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib. 

Qorxmaz Hüseynov qeyd edib ki, Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır. Bu o deməkdir ki, bizim şirin sulara əlçatanlığımız daha böyük investisiya tələb edir. Deputatların nəzərinə çatdırılıb ki, içməli su məqsədilə istifadə edilən əsas su anbarları Ceyranbatan, Taxtakörpü, Şəmkirçay, Mingəçevir, Xanbulançay və Viləşçay su anbarlarıdır. 2010-2019-cu illərdə ölkəmizdə məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb. “Azərsu” ASC tərəfindən 500 hektar yaşıllıq sahəsi yaradılıb, 300 mindən çox ağac və kol əkilib ki, bu da əlavə su tələb edir. 140 kilometr magistral su kəmərləri çəkilib, 2650 kilometr paylayıcı su şəbəkəsi, 4860 kilometr binadaxili xətlər çəkilib, 69 kilometr uzunluğunda mövcud magistral kəmərlərin reabilitasiyası aparılıb, məhəllədaxili 14 anbar tikilib, 402 min ədəd su sayğacı quraşdırılıb.

Qorxmaz Hüseynov bir məsələyə də diqqət çəkərək bildirib ki, son onilliklərdə bir sıra su mənbələri tikililərin altında qalıb, bu göstərici 1990-cı illə müqayisədə 2,6 dəfə böyüyüb. Bakıda əhalinin artımı, turizmin inkişaf perspektivi də su məsələsinə təsirsiz ötüşmür. 2013-2019-cu illərdə 7 min 390 binada binadaxili içməli su xətləri yenilənib. 3 min 350 binanın kommunikasiyası işlənib, 4 min 40 binanın kommunikasiyası hələ işlənməyib. Zirzəmisi olan 6 min 53 binada tullantı su xətləri yenilənib, 3 min 55 binanın zirzəmisi təmir olunub. Suyun keyfiyyəti də ildən-ilə yaxşılaşdırılır.

Məruzəsinin yekununda “Azərsu” ASC-nin sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb. Bu sırada magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyini, sayğacdankənar istifadə hallarını, ictimai bulaqları, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunu, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd edib, qarşıda duran əsas hədəflərdən danışıb.

Sonra dinləmədə geniş müzakirə aparılıb. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Asim Mollazadə, Nəsib Məhəməliyev, Sabir Rüstəmxanlı, Fatma Yıldırım, Məşhur Məmmədov, Rauf Əliyev, İltizam Yusifov, Naqif Həmzəyev fikirlərini bildiriblər. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deputatları maraqlandıran sualları cavablandırıb.