logo

Karantin rejimini pozan 1403 sürücü inzibati məsuliyyətə cəlb edilib

11:08 01-07-2020 | icon 2072
Karantin rejimini pozan 1403 sürücü inzibati məsuliyyətə cəlb edilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi iyunun 30-da xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.

İdarədən YeniAvropa-ya bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə iyunun 30-u saat 00:00-dan iyulun 1-i saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1223 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 40-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrindən yerləşən postdan 115-i rayon, 270-i paytaxt istiqamətinə olmaqla 385, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 215-i rayon, 100-ü paytaxt istiqamətinə olmaqla 315 nəqliyyat vasitəsi geri qaytarılıb. Ümumilikdə 800 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.