logo

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür

09:05 26-06-2020 | icon 3325
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102 ili tamam olur.

YeniAvropa xəbər verir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edilib.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bildi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu.

Bu gqn Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir.