logo

Avropa Məhkəməsi Xalid Bağırovun vəkillik səlahiyyətlərinə xitam verilməsini qanunsuz hesab etdi

21:22 25-06-2020 | icon 2415
Avropa Məhkəməsi Xalid Bağırovun vəkillik səlahiyyətlərinə xitam verilməsini qanunsuz hesab etdi

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı hüquqşünas Xalid Bağırovun şikayəti üzrə qərarı açıqlayıb.

YeniAvropa xəbər verir ki, şikayətlər 2011-ci ildə onun vəkillik səlahiyyətlərinə 1 il müddətinə xitam verilməsi və 2015-ci ildə X.Bağırovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlıdır.

Vəkilin cəzalandırılmasına məhkəmə sistemində nöqsanları və polis zorakılığını tənqid etməsi səbəb olub.

Belə ki, 2011-ci ildə X.Bağırov polis zorakılığına dair  konkret faktları açıqlayıb və bu, KİV-də yer alıb. Bundan sonra Bakı polisi Vəkillər Kollegiyasını X.Bağırovu cəzalandırmağa çağırıb və belə də olub.

İkinci dəfə X.Bağırovu siyasi məhbus İlqar Məmmədovun hüquqlarının pozulması ilə bağlı KİV-ə verdiyi bəyanata görə cəzalandırıblar. Şikayəti İ.Məmmədovun işinə baxan hakim verib. Vəkillər Kollegiyası şikayətlə razılaşıb və bildirib ki, X.Bağırovun fikirləri “dövlətə kölgə salır”  və “məhkəmə sisteminin etibarını zədələyir”.

Hər iki ərizə üzrə kommunikasiya 2015 və 2016-cı illərdə olub. AİHM  belə qənaətə gəlib ki, X.Bağırovun səlahiyyətlərinin bir il müddətinə dayandırılması, sonra isə onun Kollegiyadan çıxarılması “Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmayıb”.

AİHM X.Bağırovun Avropa Konvensiyasının 10 (ifadə azadlığı ) və 8-ci (şəxsi həyata hörmət) maddələri üzrə hüquqlarının pozulduğunu tanıyıb.

AİHM X.Bağırova mənəvi zərərə görə 18 min avro məbləğində kompensasiya ödəilməsini qərara alıb.

 Məhkəmənin qərarında həmçinin Nazirlər Komitəsinə X.Bağırovun hüquqlarının effektiv şəkildə bərpasını təmin etmək tövsiyəsi də var.

Ekspertlər qeyd edirlər ki, bu cür tövsiyə X.Bağırovun Vəkillər Kollegiyasının üzvü kimi bərpasını nəzərdə tutur.