logo

Nazim İbrahimov sonuncu vəzifəsini də itirdi

17:11 25-06-2020 | icon 2401
Nazim İbrahimov sonuncu vəzifəsini də itirdi

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov daha bir vəzifəsini itirib.

 YeniAvropa xəbər verir ki, o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri vəzifəsindən azad edilib.

Artıq həmin vəzifəyə yeni təyinat da gerçəkləşib. Belə ki, keçmiş komitə sədrini həmin postda Birləşmiş Ərəb Əmirliyində Azərbaycan Ticarət Palatasının rəhbəri olmuş Elnur Əliyev əvəzləyib.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illikyubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib

Sonrakı illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Bakı Forumları təşkil olunub. Hər il keçirilən forumlara  dünyanın müxtəlif ölkələrindən fəaliyyətdə olan və keçmiş dövlət rəsmiləri, prezident, baş nazir, parlament sədrləri qatılıblar. Forumlar bir qayda olaraq mart ayında -Novruz bayramı ərəfəsində keçirilib. 

Sonuncu - VII Qlobal Bakı Forumu ötən il martın 14-dən 16-dək keçirilib. Forumun rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edib. VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib.

Bu il martın 12-dən 14-dək Bakıda VIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılsa da dünyanı bürüyən  koronavirus pandemiyasına görə, tədbir təxirə salınıb.