logo

Paytaxt küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılır

12:10 21-06-2020 | icon 2205
Paytaxt küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılır

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin yeddi şəhər və bir rayonunda iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiqinin ilk günündə Bakı şəhər İcra Hakimiyyətinin(BŞİH) strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və iki min nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti - 6-cı gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə BŞİH-dən bildirlib. Qeyd edilib ki, gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılacaq. Avropada bənzəri olmayan və böyük maliyyə vəsaiti tələb edən bu genişmiqyaslı dezinfeksiya tədbirləri ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olub.

Axşam saatlarınadək mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV vasitəsi ilə xəbərdarlıq ediliblər.

Paytaxt küçələrində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti bu gün növbəti dəfə iyirmi ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə keçirilən bu dezinfeksiya işlərində fəal iştirak edirlər.

Eyni zamanda Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.