logo

Bəzi bölgələr üçün buraxılış imtahanlarının vaxtı dəyişdirilir

10:11 20-06-2020 | icon 5103
Bəzi bölgələr üçün buraxılış imtahanlarının vaxtı dəyişdirilir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunacaq.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq mərkəz tərəfindən iyunun 24-də və 25-də keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib və sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Bu şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

İyunun 24-də və 25-də imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə DİM-in saytında tanış olmaq olar.

Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər.

Ciddi karantin rejimi tətbiq olunmayan digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəiçi günlərində keçirilməsi planlaşdırılır.

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

Bu imtahanlarda iştirak etməyən 9 və 11-ci sinif məzunları üçün əlavə qeydiyyat tələb olunmadan sentyabr ayında yenidən buraxılış imtahanları təşkil olunacaq və həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

Xatırladaq ki, həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq hissələrlə adlandırılıb. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.