logo

OPEC-in növbəti iclasları iyulda keçiriləcək

10:56 19-06-2020 | icon 2492
OPEC-in növbəti iclasları iyulda keçiriləcək

Neft İxrac Edən Ölkələr Təşkilatının(OPEC) növbəti iclasları iyulda keçiriləcək.

 YeniAvropa xəbər verir ki, iyulun 14-15-də OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin (“OPEC+”) Birgə Texniki Komitəsinin (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclasları təşkil ediləcək.

Xatırladaq ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma, ümumilikdə, gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 milyon barrel azaldılmasını nəzərdə tuturdu.

İyunun 6-da OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha bir ay - iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin iclaslarının hər ay keçirilməsi zəruri hesab olunub.

Beləliklə, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,08 milyon barrel, qeyri-OPEC ölkələri isə 3,61 milyon barrel azaldacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə iyun ayında gündəlik neft istehsalını əlavə olaraq, təxminən 1,2 milyon barrel həcmində ixtisar edib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.