logo

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

16:57 20-12-2017 | icon 3913
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “İslam Həmrəyliyi İli” çərçivəsində çap etdirdiyi nəşrlərin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə dekabrın 20-də kitab sərgisi keçirilib.

Sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin və Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.DQİDK sədrinin müavini Gündüz İsmayılov sərginin açılışında çıxış edərək “İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən milli mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materiallarının hazırlanaraq çap edildiyini bildirib. Hazırda 100-dən çox kitabın nümayiş etdirildiyini vurğulayan Dövlət Komitəsi sədrinin müavini sərgidə ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində siyasətini, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət-din münasibətləri, milli mənəvi dəyərlərimiz, tolerantlıq mühiti ilə bağlı çıxışlarını əks etdirən kitabların da yer aldığını diqqətə çatdırıb.

Gündüz İsmayılov sərgidə, eyni zamanda, islami dəyərləri, ölkəmizdəki multikultural və tolerant mühiti, dini abidələri haqqında məlumatları, fotoşəkilləri özündə əks etdirən müxtəlif dillərdə nəşrlərin olduğunu qeyd edib. Bildirib ki, bu, həm də maarifləndirmə nöqteyi-nəzərdən, Azərbaycanın tolerantlığının dünyada geniş miqyasda yayılması baxımından əhəmiyyət kəsb edir.Nəşrlərin çoxunun DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, din xadimləri, imamlar, axundlar tərəfindən hazırlandığını deyən sədr müavini onların əksəriyyətinin Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ildə imzaladığı Sərəncama əsasən ayrılan maliyyə vəsaiti hesabına çap olunduğunu bildirib.

 

Digər çıxışlardan sonra iştirakçılar sərgidə nümayiş etdirilən kitablarla tanış olublar.