logo

Baş prokuror Kamran Əliyev ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

18:58 18-06-2020 | icon 1869
Baş prokuror Kamran Əliyev ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb

Baş prokuror Kamran Əliyev iyunun 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberger ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, görüşdə baş prokuror Azərbaycan ilə ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlıqdan danışıb.

Kamran Əliyev prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizə məsələlərində dövlətimizin göstərdiyi səyləri, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirlərini qeyd edərək, Baş Prokurorluğun insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin mütəşəkkil cinayətkarlığın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Səfir Örl Litzenberger ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılarkən diplomat Birləşmiş Ştatların Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləyib və hər zaman Azərbaycan dövlətini dəstəklədiyini bildirib.

Səfir prokurorluq əməkdaşlarının peşə bacarıqlarının artırılmasında ABŞ-ın hər cür dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.