logo

Şərq Tərəfdaşlığı çərçivəsində XİN başçılarının görüşü olub

21:18 11-06-2020 | icon 2037
Şərq Tərəfdaşlığı çərçivəsində XİN başçılarının görüşü olub

Şərq Tərəfdaşlığı üzrə xarici işlər nazirlərinin videokonfrans formatında görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildiriblər ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak edib.

Elmar Məmmədyarov çıxışında bu görüşün dünyanın misilsiz çağırışlarla üzləşdiyi dövrdə keçirildiyini bildirərək deyib: “Öldürücü pandemiya nəticəsində vəfat edənlərin ailələrinə dərin hüznlə başsağlığı vermək istərdim. Davam edən böhran dövründə bu konfrans vaxtında keçirilən önəmli bir tədbirdir. Biz pandemiyaya ölkə səviyyəsində qəti tədbirlərlə cavab veririk. Ciddi karantin tədbirləri 3 şəhərimizdə 3 yeni xəstəxananın istifadəyə verilməsi və əlavə 7 modul-tipli xəstəxanaların tikilməsi də daxil olmaqla, səhiyyə sisteminin gücləndirilməsinə əhəmiyyətli dövlət resurslarının yönəldilməsi tədbirləri ilə həyata keçirilib. Pandemiyanın və neft qiymətlərinin kəskin aşağı düşməsinin iqtisadi və sosial təsirlərinin zəiflədilməsi məqsədilə hökumət ölkə ÜDM-sinin 4,3 faizi həcmində Müfəssəl İqtisadi Yardım Paketi qəbul edib. Gəlirləri dəstəkləyən tədbirlər ölkə əhalisinin təxminən yarısını – 4,8 milyon vətəndaşı əhatə edib. Özəl şirkətlər QHT-lər və sadə vətəndaşlar könüllü ianələr vasitəsilə hökumətin səylərinə qoşulub və bu həmrəylik ürəkaçandır. Biz, həmçinin pandemiyanın alovlandığı dövrdə təxirəsalınmaz cavab tədbirlərinin dəstəklənməsi məqsədilə Aİ-nin Azərbaycana yardımını qiymətləndiririk. Böhranın mahiyyəti və miqyası müqayisə olunmazdır. İstər güclü olsun, istər zəif, iqtisadiyyatlar bir-biriləri ilə bağlıdır və təsirlərə məruz qalmışdır. Bu vəziyyət tərəfdaşları bir yerə yığışıb, əməkdaşlıq etməyə və bir-birilərini dəstəkləməyə çağırır. Bunu nəzərə alaraq, Azərbaycan böhran dövründə təchizat zəncirlərində qırılmaların qarşısının alınması və vacib malların sərbəst axınının təmin edilməsi yolları ilə bağlı fikir mübadiləsinin aparılması məqsədi ilə Türkdilli ölkələrin fövqəladə Sammitini təşkil edib. Malların və başlıca xidmətlərin mövcudluğunun asanlaşdırılması ilə bağlı Aİ siyasəti ilə uyğunluq təşkil etdiyindən, Aİ-dəki tərəfdaşlarımızın bu tədbirlərimizi qiymətləndirdiyini görməkdən məmnunuq.

Azərbaycan tərəfinin təşəbbüsü ilə təşkil olunmuş Qoşulmama Hərəkatının Kontakt Qrupunun Zirvə toplantısında Aİ bu günədək ilk dəfə yüksək səviyyədə təmsil olunmuşdur. Mən, bu tədbirdə bizə qoşulduğu və Zirvə toplantısının müzakirələrinə dəyərli töhfəsini verdiyi üçün Cozep Borelə təşəkkür edirəm. Biz, həmçinin BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması təklifini irəli sürmüşük və hər kəsi bu təşəbbüsü dəstəkləməyə dəvət edirik.

Azərbaycan COVID-19 böhranına, həmçinin çoxtərəfli çərçivədə cavab tədbirlərinə fəal şəkildə cəlb olunub və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb. Biz, həmçinin 14 ölkənin müraciəti əsasında onlara ikitərəfli qaydada yardım göstərmişik. Bu gün Azərbaycan COVID-19-la mübarizədə ən çox humanitar yardım göstərən ölkələr siyahısındadır və bu, bizim həmrəylik və əməkdaşlığa sadiqliyimizə dəlalət edir.

Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Aİ-nin Birgə Müraciət sənədi ikitərəfli əməkdaşlığa güclü diqqət ayırır. Ehtiyaclara uyğun yanaşma Azərbaycanın Aİ ilə münasibətlərində axtardığı mühüm siyasətdir. Bu, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıqdır. Yeni ikitərəfli Saziş üzrə danışıqların uğuru açıq qalan məsələlərin həlli yollarının tapılmasında danışıqlar aparan tərəflərin çevikliyindən asılı olacaq.

Yaxşı idarəçilik məsələlərində tərəfdaş ölkələrlə təhlükəsizlik dialoqlarının gücləndirilməsi vasitəsilə dayanıqlı institutlar, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizədə Aİ-nin dəstəyini alqışlayırıq. Ötən ilin dekabr ayında Bakıda uğurla keçirilmiş Azərbaycan – Aİ Təhlükəsizlik Dialoqundan sonra biz meydana çıxan regional və beynəlxalq təhlükəsizlik təhdidləri üzrə məhsuldar fikir mübadiləsinin aparılmasını səbirsizliklə gözləyirik.

Enerji sahəsində, Cənub Qaz Dəhlizinin yekunlaşmasına az qalır və bu layihə Şərq Tərəfdaşlığında gücləndirilmiş bağlantıların ən nəzərə çarpan nəticəsi olacaq. Biz pandemiyadan təsirlənmiş yerli insanların COVID-19 ilə mübarizəsinin dəstəklənməsi və layihənin vaxtlı-vaxtında icrasına təminat yaradılmasında TAP-dakı tərəfdaşlarımızın məsuliyyətli davranışını qiymətləndiririk.

Azərbaycanın nəqliyyat-logistika sisteminin vacibliyi strateji əhəmiyyətinə görə tanınır. Azərbaycan ŞT və Mərkəzi Asiya cinahlarında çalışır. Biz, digər tərəfdaşlarla GUAM çərçivəsində Mərkəzi Asiya və daha geniş bölgəyə alternativ marşrutu təmin edəcək nəqliyyat dəhlizi üzərində iş aparırıq. Biz, həmçinin Mərkəzi Asiya ölkələri ilə ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanlar və bağlantıların təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq edirik və Aİ-nin buna dəstəyini alqışlayırıq.

Xəzər dənizinin Şərq sahilində Azərbaycan Lapis-Lazuli nəqliyyat dəhlizinin həyata keçirilməsi üçün Türkmənistan və Əfqanıstan ilə intensiv dialoq aparır. Mənim ölkəm Aİ-nin bu bölgə ilə bağlı strategiyasının həyata keçirilməsində vacib rol oynaya bilər və biz buna hazırıq. Biz ümid edirik ki, enerji sahəsində strateji əməkdaşlığın nəqliyyat-logistika sahəsində də genişləndirilməsi Aİ-Azərbaycan tərəfdaşlığının güclənməsinə mühüm töhfə verəcək.

Biz inanırıq ki, gələcək Aİ-Azərbaycan əməkdaşlığı həm də ölkəmizin milli prioritetlərinin həyata keçirilməsinə töhfə verəcək. Azərbaycan iqtisadi şaxələndirmənin sürətləndirilməsi, bütün sahələri əhatə edən inkişafın təşviqi və COVID-19 sonrası iqtisadi dirçəlişin dəstəklənməsi məqsədilə strateji inkişaf gündəliyinin icrasına davam edir. İnfrastruktur şaxələndirilmiş iqtisadiyyatın ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır və bizim sərmayələrimiz sənaye parkları, müstəsna iqtisadi zona, qanun və tənzimləmələr, maliyyə xidmətləri və informasiya texnologiyaları ilə tamamlanır. İnnovasiya, informasiya və yüksək texnologiyaların təşviqi bizim ortaq məqsədlərimizdir. Bütün bunlar insan kapitalı və keyfiyyətli təhsil, xüsusən tibb sahəsində olmaqla peşəkarların hazırlığının artırılmasına yeni diqqətin göstərilməsini tələb edir və biz Aİ-ni davam edən səylərimizə dəstək göstərməyə dəvət edirik.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regionun təhlükəsizliyinə ən böyük təhdid kimi qalmaqdadır. BMT-nin Baş Katibinin və Aİ-nin Ali nümayəndəsinin qlobal atəşkəs ilə bağlı müraciətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir, həmçinin gərginliyi artırmağa və münaqişənin siyasi həllinə mane olmaq üçün hər cür səy göstərir. Ermənistan özünü “demokratiya” kimi təqdim edir, lakin hələ də öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının insan hüquqlarını pozmağa davam edir.

Bütün dünyanın COVID-19 ilə mübarizəyə səfərbər olunduğu dövrdə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” və “andiçmə” mərasimi keçirir. Danışıqlar aparmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməkdən boyun qaçırmaqla Ermənistan münaqişənin həlli prosesinin qarşısını alır. Beləliklə, Ermənistan ŞT-nin sabitlik və rifah kimi fundamental prinsiplərinə xələl gətirir.

Aİ Şurasının sonuncu Yekunlar sənədində bəyan edildiyi kimi, ŞT-nin fundamental əsasları qaydalara əsaslanan beynəlxalq nizam və tərəfdaş ölkələrin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi daxil olmaqla beynəlxalq hüquqla bağlı bölüşülən öhdəliklərimiz üzərində qurulur. Biz bu prinsiplərin ikitərəfli və çoxtərəfli əməkdaşlıqda təşviqində Aİ ilə həmrəyik”.