logo

Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır

19:59 11-06-2020 | icon 2016
Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır

İyunun 11-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Görüşdə Sahibə Qafarova Azərbaycan-Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir.

Sədr ümidvar olduğunu bildirib ki, dost və qardaş Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın həyatın digər sahələrində daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz.

Səmimi görüş üçün minnətdarlığını bildirən qonaq Sahibə Qafarovaya Milli Məclisin sədri vəzifəsində fəaliyyətində uğurlar arzulayaraq öz ürək sözlərini söyləyib. Səfir qeyd edib ki, onun təmsil etdiyi ölkə həmişə Azərbaycanın yanındadır. Tarixən mövcud olmuş münasibətlərimiz bundan sonra daha da güclənəcək.

Söhbət zamanı parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.