logo

İƏT XİN başçıları İsrail-Fələstin münasibətlərini müzakirə ediblər

17:57 10-06-2020 | icon 2646
İƏT XİN başçıları İsrail-Fələstin münasibətlərini müzakirə ediblər

İyunun 10-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində “İsrailin işğalçı hökumətinin 1967-ci ildə işğal olunmuş Fələstin Dövlətinin ərazilərinin bir hissəsini ilhaq etmək təhlükəsi” ilə bağlı növbədənkənar açıq virtual iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  YeniAvropa-ya bildirilib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov virtual iclasda iştirak edib.

İclasda çıxış edən Elmar Məmmədyarov bildirib: “Fələstinin işğal olunmuş ərazisinə təsir edən mühüm hadisələri nəzərdən keçirmək məqsədilə bir araya gəldiyimiz bir vaxtda, Azərbaycanın qardaş Fələstin xalqının dövlətçilik, sülh, sabitlik və davamlı inkişafa verdiyi səylərini tam dəstəklədiyini bir daha bildirmək istərdim. Müxtəlif beynəlxalq forumlarda dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir.

Bununla əlaqədar olaraq, İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqına yönəlmiş mümkün hərəkətlər barədə xəbərlərdən narahatlığımızı bildiririk. Həll prosesinə təsir göstərə biləcək bütün hərəkətləri hər iki tərəf razılaşdırmalıdır. Buna görə də tərəfləri sülh danışıqlarına daha da zərər verə biləcək və beynəlxalq hüququ pozan birtərəfli addımlar atmaqdan çəkinməyə çağırırıq”.

Elmar Məmmədyarov qeyd edib ki, Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin Dövlətində öz müqəddəratını təyinetmə və azadlıq da daxil olmaqla, Fələstin xalqının ayrılmaz hüquqlarının və qanuni milli istəklərinin reallaşdırılmasına yönəlmiş səylərin təşviq olunmasına sadiqdir. Fələstin məsələsinin bütün aspektlərinin, o cümlədən fələstinli qaçqınlar məsələsi də daxil olmaqla beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və sülh yolu ilə həllinə yönəlmiş səylərə dəstəyimizi bir daha bildiririk.

“Həqiqətən hazırda dünya pandemiyadan çox əziyyət çəkir. Pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardımlaşma tələb edir. Bununla əlaqədar olaraq, Azərbaycan dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərib”, - deyən Elmar Məmmədyarov bildirib ki, ərazi əldə etmək üçün gücün tətbiqi beynəlxalq hüquqla qəbuledilməzdir və bütün dövlətlərin işğal nəticəsində yaranan vəziyyəti hüquqi cəhətdən tanımamaq, bu vəziyyətin davam etdirilməsinə kömək və ya yardım göstərməmək öhdəlikləri var. Otuz ilə yaxındır ki, beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı davam edən Azərbaycan Fələstin xalqının hisslərini tam bölüşür”.