logo

OPEC Nazirlər Şurasının iclasına bir azdan Pərviz Şahbazov da qatılacaq

17:22 06-06-2020 | icon 2366
OPEC Nazirlər Şurasının iclasına bir azdan Pərviz Şahbazov da qatılacaq

İyunun 6-da OPEC Nazirlər Şurasının videokonfrans formatında 179-cu iclası keçirilir.

 YeniAvropa xəbər verir ki, Əlcəzairin energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkabın sədrliyi ilə baş tutan iclas canlı yayımlanır. İclasda qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları və hasilatın azaldılması öhdəliklərin icrası müzakirə edilir.

Bakı vaxtı ilə saat 18:00-dan daha sonra isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin 11-ci videogörüşü keçiriləcək. Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

İclasda “OPEC+” üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra da uzadılması məsələsinə baxılması və müvafiq sazişin nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.

2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.

Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.