logo

4 ton at ətini Bilasuvardan Bakıya satan cinayətkar dəstə yaxalanıb

14:12 05-06-2020 | icon 1925
4 ton at ətini Bilasuvardan Bakıya satan cinayətkar dəstə yaxalanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü məntəqəsi yaradıb heyvan kəsimi sexi görüntüsü adı altında pərdələnərək qidaya yararsız, ölü at və iri buynuzlu heyvan ətlərinin satışı ilə məşğul olan daha bir mütəşəkkil dəstənin üzvləri ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. Toplanmış əməliyyat materialları əsasında müəyyən edilib ki, Biləsuvar rayon sakini Mirzə Abbasovun rəhbərlik etdiyi dəstə ölmüş at və iri buynuzlu mal ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, emalı və satışı ilə məşğul olub. Bu məqsədlə o, İmişli, Cəlilabad, Salyan və digər ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən və ölmüş atları ucuz qiymətə alaraq Biləsuvar rayonunun Çaylı kəndində özünə məxsus fermada toplayıb. Daha sonra orada dəstə üzvləri tərəfindən həmin heyvanların kəsimi həyata keçirilib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Mirzə Abbasov tərəfindən Bakıda fəaliyyət göstərən müxtəlif ictimai iaşə obyektlərinə satılıb.

Baş İdarənin əməkdaşları tərəfindən Mirzə Abbasova məxsus Biləsuvar rayonu Çaylı kəndi yaxınlığında yerləşən fermaya baxış keçirilərkən qidaya yararsız, mənşəyi məlum olmayan 4 ton mal və at əti aşkarlanaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla aşkarlanan ətin qidaya tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

Faktla bağlı Baş İdarədə mütəşəkkil cinayətkar dəstənin başçısı Mirzə Abbasov, oğlu Elmar Abbaszadə və Biləsuvar rayon sakini Əmrah Muradov barəsində cinayət işi başlanıb. Mirzə Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digərləri isə istintaqa cəlb olunublar.

Mütəşəkkil dəstə ilə əlbir olan digər şəxslərin, həmçinin Mirzə Abbasovun yararsız ətləri satdığı ictimai iaşə obyektlərinin sahiblərinin də müəyyənləşdirilərək saxlanılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.