logo

"Şərq Tərəfdaşlığı"nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək

22:33 03-06-2020 | icon 2121
"Şərq Tərəfdaşlığı"nın zirvə görüşü videokonfrans şəklində keçiriləcək

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində iyun ayının 11-də xarici işlər nazirlərinin, iyunun 18-də isə ölkə başçıları səvyyəsində videokonfrans formatında görüş keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bununla bağlı Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel bu gün "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinə müvafiq məktub göndərib.

Məktubda Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə uzunmüddətli əməkdaşlıq planlarından söhbət açılır.

İclaslarda "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də COVID-19 pandemiyasına qarşı mübarizə üçün səhiyyə sahəsində əməkdaşlığını gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, Polşanın və İsveçin təşəbbüsü ilə qəbul edilmiş Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı Avropa İttifaqının üzvü olan 27 ölkənin Brüsseldə keçirilən zirvə görüşündə təsdiq edilib. Polşa və İsveç konkret layihələri reallaşdırmaq üçün postsovet ölkələri olan Azərbaycan, Belarus, Gürcüstan, Moldova , Ukrayna və Ermənistan ilə əməkdaşlığı genişləndirmək təşəbbüsünü irəli sürüblər. “Şərq Tərəfdaşlığı” layihəsi sözügedən postsovet ölkələrinin hər birinin mümkün təkliflər paketini əhəmiyyətli dərəcədə genişləndirməyi, məsələn, perspektivdə viza rejiminin ləğv olunmasını və azad ticarət zonasının yaradılmasını nəzərdə tutur.

"Şərq Tərəfdaşlığı” proqramının  Zirvə görüşləri ŞT və Aİ ölkələrinin dövlət və hökumət başçılarının, Avropa Komissiyası və Aİ Şurasının rəhbərlərinin, habelə Avropa Parlamenti və Aİ-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə iki ildən bir keçirilir. Əvvəlki sammitlər 2009-cu ildə Praqa, 2011-ci ildə Varşava, 2013-cü ildə Vilnüs və 2015-ci ildə Riqada və 2017-ci ildə Brüsseldə keçirilib. Son dəfə  isə 13-14 may 2019-cu il tarixlərində Brüssel şəhərində ŞT-nin 10 illik yubileyinə həsr olunmuş ŞT ölkələrinin dövlət başçılarının şam yeməyi, habelə Aİ və ŞT ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü və yüksək səviyyəli konfrans keçirilib.