logo

Metroda polis əməkdaşları ilə mübahisə edən şəxslər saxlanıldı

17:11 02-06-2020 | icon 1869
Metroda polis əməkdaşları ilə mübahisə edən şəxslər saxlanıldı

İyunun 2-də sosial şəbəkələrdə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

YeniAvropa xəbər verir ki, bu barədə KİV nümayəndələrinini sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etmələrini və sosial məsafə saxlamalarını tələb etib.

E.Zahidov diqqətə çatdırıb ki, metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sərnişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaradıblar. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də müəyyənləşdirilərək saxlanması üçün tədbirlər davam etdirilir.

“Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib.