logo

Sloveniya ölkədə koronavirusun rəsmən bitdiyini elan etdi

12:58 31-05-2020 | icon 2380
Sloveniya ölkədə koronavirusun rəsmən bitdiyini elan etdi

Sloveniyanın Nazirlər Kabineti əhalini qorumaq məqsədilə bəzi məhdudlaşdırıcı tədbirlərin saxlanılması şərti ilə COVID-19 epidemiyasının rəsmən bitdiyini elan edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, mayın 31-də Sloveniyada epidemiya vəziyyətindən çıxma prosesi rəsmən başa çatıb. Hökumət, həmçinin əhalinin sıx olduğu yerlərdə, nəqliyyatda, tibb müəssisələrində və qocalar evlərində qoruyucu maska taxmağı tövsiyə edir.

Bir müddət öncə Sloveniyan Nazirlər Kabineti mayın 15-dən başlayaraq koronavirusla bağlı məhdudiyyətləri tədricən aradan qaldırmaq barədə qərar qəbul etmişdi. Nəticədə Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sərhədlər açılmış, ticarət mərkəzlərinin, kafe və restoranların, həmçinin xidmət sahəsi müəssisələrinin fəaliyyəti bərpa olunmuşdu. Karantin dövrü ərzində dövlət səhiyyə sahəsinə, müəssisələrin və əhalinin ehtiyaclarına 6 milyard avroya yaxın vəsait ayırmışdı.

Martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 virusunun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 12:20-yə olan məlumatına əsasən, dünyada 6 milyon 172 mindən çox yoluxma və 371 min 186 ölüm faktı qeydə alınıb, 2 milyon 744 min 44 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Sloveniyada indiyə qədər yeni koronavirusa 1473 nəfər yoluxub, 108 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicə alan səkkiz xəstədən ikisinin vəziyyəti ağır qiymətləndirilir.