logo

Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır

10:58 30-05-2020 | icon 2023
Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır

Mayın 30-da Bakı şəhər İcra Hakimiyyəti tərəfindən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədilə paytaxtın bütün rayonlarında dezinfeksiya işləri aparılır.

 YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətindən(BŞİH) bildirilib. Qeyd edilib ki, BŞİH-in strukturları tərəfindən səhər saatlarından etibarən paytaxtdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq dördüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq paytaxt sakinlərinin ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə bir gün əvvəl KİV-lər vasitəsilə xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verir, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak edirlər.

Gün ərzində paytaxtın kommunal xidmətlərinin əməkdaşları dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görəcəklər.