logo

Türkiyədə koronavirusdan daha 30 nəfər dünyasını dəyişdi

22:49 28-05-2020 | icon 2317
Türkiyədə koronavirusdan daha 30 nəfər dünyasını dəyişdi

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq, gündəlik yoluxma və ölüm halları davam etməkdədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 28-də ölkə üzrə 33 min 559 nəfər testdən keçirilib. Onlardan 1182 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1576 nəfər sağalıb, 30 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanlar 124 min 369, ölənlərin sayı isə 4 min 461 nəfərə çatıb.

Qeyd edək ki, hökumətin qəbul etdiyi normallaşma planına əsasən, mayın 28-də sərnişin qatarlarının fəaliyyəti bərpa olunub. Hava nəqliyyatında isə iyunun dördündən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir. Mayın 29-da məscidlər ibadətə açılır. Bundan iki gün sonra hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə tərxis olunması işlərinə başlanacaq.

Mayın 28-də prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökuməti videoformat üsulla növbəti iclasını keçirib. Dövlət başçısı gündəlikdə duran digər məsələlərlə bərabər, COVID-19 infeksiyasına qarşı mübarizənin növbəti mərhələsi, eləcə də məlum məhdudiyyətlərin aradan qaldırılmasına dair normallaşma prosesi ilə bağlı hökumətin qərarını ictimaiyyətə açıqlayıb. Təmizliyə əməl etmək, ara məsafəsi saxlamaq, maska taxmaq tövsiyəsi qüvvədədir. Ölkə üzrə 65 yaşdan yuxarı və 18 yaşdan aşağı vətəndaşların pik saatlarda evdən çıxması qaydası qüvvədə qalıb. İş yerlərində fəaliyyətin ən qısa zamanda bərpası nəzərdə tutulur.