logo

Azərbaycanla bağlı növbəti korrupsiya qalmaqalı

22:18 25-05-2020 | icon 1855
Azərbaycanla bağlı növbəti korrupsiya qalmaqalı

Azərbaycanın dövlət məmurlarının əlaqəsi olan 14 milyon funt sterlinq dəyərində növbəti korrupsiya qalmaqalı gündəmə gəlib.  Britaniyanın Milli Cinayətkarlığa qarşı Mübarizə Agentliyi ər-arvada aid pulun mənbəyini araşdırır. Korrupsiya və pulların çoxsaylı offşor şirkətlər vasitəsilə yuyulması nəticəsində əldə edilməsi şübhəsi ilə əlaqədar onların Britaniya banklarındakı hesabları dondurulub. Bu vəsaitin "Azərbaycan pulyuyan maşını" kimi məşhur olan qalmaqal çərçivəsində yuyulduğunu güman etmək üçün əsaslar var. Bu sxemdən hakim elitanın Qərbdə daşınmaz və başqa əmlak alması üçün istifadə olunur.

YeniAvropa xəbər verir ki, bu barədə Londonun "Evening Standart" nəşri məlumat yayıb.

İş materialları London Məhkəməsinə daxil olub, amma hələlik ər-arvadın adı açıqlanmır. Maraqlıdır ki, bu cütün hüquqlarını Azərbaycanda həbs edilmiş Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işini icra edən vəkil qoruyur.

Böyük Britaniyanın məhkəmə təcrübəsinə və qanunvericiliyinə əsasən, Azərbaycandan olan ər-arvadın adı müvəqqəti olaraq anonim saxlanılır, amma nəşr iddia edir ki, "onların Azərbaycanda yüksək vəzifəli hökumət məmurları ilə əlaqəsi var",

İşin materiallarından cütün "21 hüquqi şəxsdən 13 897 280,00 funt sterlinq aldığı" görünür. Bu, "Azərbaycan pulyuyan maşını" adlı əvvəlki qalmaqal çərçivəsində Qərbə pul öndərən təşkilatlardır. Məhkəmə prosesi davam edir.

Xatırladaq ki, "Azərbaycan pulyuyan maşını" 2012-2014-cü illərdə Böyük Britaniyada qeydiyyatdan keçmiş dörd şirkət və Danimarka bankının Estoniya filialı vasitəsilə Azərbaycandan çıxarılmış 2,2 milyard  funt sterlinqin yuyulması üçün istifadə olunmuş sxemdir.

Pul Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, İran və Qazaxıstanda daşınmaz əmlak alınmasına xərclənib. Buradan mənfəət götürənlərin həm Azərbaycan elitasının nümayəndələri, həm də Avropa siyasətçiləri olub.