logo

“AGBank” və “NBC Bank”dakı əmanətlər iyunun 16-dan qaytarılacaq

18:32 22-05-2020 | icon 2548
“AGBank” və “NBC Bank”dakı əmanətlər iyunun 16-dan qaytarılacaq

Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv olunan "AGBank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə ADIF-dən bildirilib. Qeyd edilib ki, həmin banklardakı əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: iyunun 16-dan başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivalentinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi; iyulun 15-dən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2020-ci il 12 may tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də sığorta hadisəsi günü 2020-ci il aprelin 28-i müəyyən edilib.