logo

Paytaxtda “Kənddən şəhərə” Ramazan yarmarkası təşkil ediləcək

19:49 20-05-2020 | icon 2184
Paytaxtda “Kənddən şəhərə” Ramazan yarmarkası təşkil ediləcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibətilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. Mayın 23-24-də baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar.

“Kənddən şəhərə” Ramazan yarmarkası Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (“Space” TV-nin yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı) və Nərimanov rayonu, “Gənclik” metro stansiyasının yanında baş tutacaq.

Qeyd edək ki, “Kənddən şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.